Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Hər bəndi, hər kəlməsi Vətən qoxuyan Sabir

Sabir Rüstəmxanlının vətənimizə sevgisi, vətənə, millətə olan məhəbbəti onun bütün misralarından, şeirlərindən, ümümiyyətlə hər kəlməsindən süzülüb ağ vərəqlərə tökülür.

Dərc edilib: 20 may 2018 [12:35]
Baxış sayı: 55555

İnsan dünyaya göz açdığı gündən onun “Ömür kitabı” yazılır. Bəlkə elə alın yazısı, tale yazısı dediyimiz müqəddəslikdir ömür kitabı. Elə bir yazı ki, doğrudan da pozulmazdır, tale qismətidir. Burada sevgi, sevinc payımız da var, kədər, qəm payımız da… Həsrətli ürəyin nəğməsi nisgilli olar. Çünki əzab məngənəsi insanı öz qəlbində bişirir, möhkəmləndirir. Həyatın amansız sınaqları insanın şüurunu itiləşdirir. Paslı kilidlərdən, qanlı qandallardan keçən həqiqət döyüşkən ruhunu yaşadır. Yurd yollarınının bu günə bağlı qapılarını açmaq, ürək sirlərini can, qan qardaşlarına daşımaq istəyir. Beləcə yaranır ömür kitabı… Bu kitab zamana, əsrə, bu günə sabaha söylənilən Vətən nəğməsidir. Qəhrəmanlıq nəğməsidir. Hər nəğmənin bir müəllifi, hər müəllifin öz dünya görüşü və dünyaya baxışı var. Bu yazı vətəndaş bir şairə həsr olunan bir mübariz Azərbaycan oğlunun düşüncələridir. Bu düşüncələr sonu bitməyən bir nəğmədir. Elə bir nəğmə ki, onun not vərəqləri zaman-zaman açılacaq, dillər əzbəri olacaq. Bu Dədə Qorqud, Hörmüz övladı Babək, Cavanşir, Nəsimi ruhlu vətən övladı Sabir Rüstəmxanlıdır.

Əsl şair addımından, bircə baxışından da aydın tanınır. Ədəbiyyata “Tanımaq istəsən” (Gənclik,1970), “Sevgim, sevincim” (Gənclik,1974), “Xəbər gözləyirəm” (Gənclik,1979) kitabları ilə gəlmiş S.Rüstəmxanlının şairlik, vətəndaşlıq keyfiyyətləri daha çox “Gəncə qapısı” (Yazıçı,1981), “Sağ ol, ana dilim” (Gənclik, 1983), “Qan yaddaşı” (Yazıçı, 1986) şeir toplularında, Azərbaycan Yazıçılar birliyinin Natəvan klubunda 25 aprel 1986-cı il tarixli zəngin məruzəsində, həmin çağlarda meydana çıxmış “Ömür kitabı” əsərində aşkarlanmış və öz yaradıcılığını ədəbi elmi içtimaiyyətə yeni söz deməyi bacaran qüdrətli qələm sahibi kimi tanıtmışdır.

Sal qayanı yarıb çıxan şəffaf bulaq Şairimiz,

Dumanlarda azanlara çıraq, mayaq Şairimiz!

Rüstəmxanlı soyadının üç min əsrin arxasından

Bu günlərə çəkə-çəkə nurlandıran Şairimiz.

Xalq şairi B.Vahabzadə

Sabir Rüstəmxanlının vətənimizə sevgisi, vətənə, millətə olan məhəbbəti onun bütün misralarından, şeirlərindən, ümümiyyətlə hər kəlməsindən süzülüb ağ vərəqlərə tökülür. Onun hər bəndi, hər kəlməsi vətən qoxuyur. Sabir yaradıcılığı başdan-ayağa vətənə həsr olunur desək yanılmarıq.

Vətənpərvər şairin çox şeirlərində Vətənin qədim, ulu keçmişi, xalqın mənəviyyatı, millət kimi formalaşmasında keçdiyi mərhələlər qürurla, yanğıyla misra qatarına düzülüb. Şairin şeirlərində bəzən yağı düşmənlərimizlə bərabər sapı özümüzdən olan nadanlarımız da qınaq hədəfinə çevrilir. Onun əsərlərində tariximizi saxtalaşdıranların layiqli cavabı verilir.

Vaxt olub ki, öz gülləmiz gözümüzə tuşlanıb,

Öz zəmimiz əlimizləbiçilməmiş xışlanıb,

Pisliyimiz düşmənə xoş! daima alqışlanıb;

Mən də elə sənin kimi öz-özümə qəniməm,

Öz nəfsimlə talan olub öz yatarım, xəzinəm…

…Aman, durna, dimdiyini öz başında sınama,

Sən gücünü yurddaşında, qardaşında sınama!..

S.Rüstəmxanlının əsərlərinin əsas motivi vətənpərvərlik ruhu, əzmkarlıq, ruh yüksəkliyidir. Hər bir şeirdə milli qürur, vətənə məhəbbət və vətənə məhəbbətə çağırış açıq şəkildə görünməkdədir.

Babaların igid ruhu dirildi,

Qisas deyir türk yaddaşı-şanımız.

Ömür bizə vətən üçün verildi,

Qurban getsək halal olsun qanımız…

S.Rüstəmxanlı hardasa Səməd Vurğun, Şəhriyar, Rəsul Rza kimi yaxın, Mirzə Ələkbər Sabir, M.Füzuli, Nəsimi kimi “uzaq” sələflərindən, Bəxtiyar Vahabzadə təki çağdaşlarından təsirlənib qüvvət almış, öz yaşıdlarının çoxunu tezliklə arxada qoyub ən yeni Azərbaycan türk poeziyasının ön atəş xəttinə çıxa bilmişdir. Nəfəsindəki qəhrəmanlıq yanğısının tüstüsüz alovuna baxmayaraq bu poeziya nə qədər təvazökardır, məğrur və başı ucadır.

Şeir ürəyin, beynin kardioqramıdır. Şeir yalnız ürəyin yox, həm də ömrün çövhəridir. S.Rüstəmxanlının kitablarında yalnız bircə ömrün deyil, nəsillər və əsrlər ömrünün cövhəri verilmişdir. Xoşbəxt o şairdir ki, xalqını təmsil edə bilir, bu halda onun ilham vergiləri yalnız özünün deyil, bütün ulusun, yurdun mənəvi kardioqramına çevrilir. Şeir və dastanların çoxu əsrimizin son rübündə yazılsa da, ehtiva, dairəsi çox böyük, çox əzəmətlidir.

Sabir Rüstəmxanlı bizim XX əsr şeirimizdə bir məktəbdir. Amma bu məktəbin özünün də məxsus olduğu daha böyük müqəddəs məktəbi var. Bu, bəxtsiz şairimiz Məhəmməd Hadi ilə başlanan milli poeziya məktəbimizdir. Birinci Rus inqilabı bizə mətbuat azadlığı verdi. Bu azdlığın bitirdiyi zərif çiçəklərdən biri Azərbaycan xalqının oyanan milli şüuru idi.

Çəkil torpağımdan, ey yağı düşmən,

Mən şeytan ümidin üzən millətəm.

Dünyanı üstümə qaldırdın yetər,

Dünyanın dərdinə dözən millətəm.

Sabir Rüstəmxanlı fikir şairidir, düşüncə şairidir. Şeirlərinin mayası, qayəsi, qələmindən süzülən misralarının əriş-arğacı fikirdən yoğrulub, fikirdən toxunub. Şair elə bir şey yazmayıb ki, dünən çəpikdə, alqışda çimən misralar bu gün xəcalət tərinə çevrilsin, müəllifinə əzab-əziyyət versin, peşmançılıq gətirsin. Sabir Rüstəmxanlının poeziyasında qınanılası bircə misra belə yoxdur. Onun dərdi elin dərdinə tən olubdur həmişə. Şair ürəyində eli boyda, özü boyda qəm yükü gəzdiribdir, yorulmayıbdır. Bu qəm yükündən usanmadan, yorulmadan, bezmədən çiyinlərinə alıb. Elin yolunda yanıb, elin pərvanəsinə dönübdür.

Sabir Rüstəmxanlı əqidə şairidir. O, min bir mükafatdan, min bir vəzifədən elin bir “sağ olunu” üstün tutubdur. S.Rüstəmxanlı Nəsimi davamçısıdır. Amalını da ustadından götürüb, çeşməsindən su içibdir. Sözün düzünü deməyi, düşündüyünü dilinə gətirməyi bacarıbdır. Bəli, S.Rüstəmxanlı həqiqəti deməkdən heç vaxt çəkinməyibdir. O, aydın sabahlara işıq yolçusu, nur yolçusudur.

Biz işıq yolçusuyuq,

məqsəd-işıq,

Biz olan yerdə olur

Zülmət- işıq.

Ruh- işıq,

Cürət-işıq.

O könüldən ki, keçir

Eşq ilə qeyrət damarı

Orda öz bayrağını

Asdı işıq.

Atalardan bizə mirasdı işıq.

Vahabzadə
Yazıçı üçün Sözün, İnsanın və Millətin azadlığından böyük arzu və xoşbəxtlik yoxdur. Bu sözləri S.Rüstəmxanlı misraları yalnız quru kağızda yox, işdə həyatda gerçəklənəsi müstəqilliyin sorağındadır. Müstəqillik səadətinə çatmaq imkanı millətin sayından çox sanbalı ilə ölçülür.

Müstəqillik! İlk inamım, ilk həsrətim!

Müstəqillik! Xalqın məslək bayrağıdır.

Müstəqillik-hər ölkənin, məmləkətin

Zülm, əsarət orbitindən çıxmağıdır!

Şairin yaradıcılığına nəzər salsaq, yazıların nə qədər qəlb ağrısı, ürək yanğısı ilə yazıldığının şahidi olarıq. Parçalanmış vətən, ikiyə bölünmüş, bir-birindən ayrı düşmüş xalq onun ürəyinin kədər karvanından yola çıxıb gəlir.

Qılıncam-ovxarım sözlə, inamla,

Min ilin başında yurdun səsiyəm,

Özüm bu günlərə gül ola-ola

Gələcək günlərin pərvanəsiyəm!

Şairin Azərbaycanda iyirmi, Türkiyədə, Rusiyada, İranda, Özbəkistanda, İsveçdə isə, üst-üstə, on beşdən artıq kitabı nəşr edilmişdir. 2005-ci ildə ona Azərbaycanın Xalq şairi adı verilmişdir… Polşa Respublikasının Mədəniyyət Nazirliyi mədəniyyət sahəsindəki xidmətlərinə görə onu “Sənətkara şöhrət” medalı ilə təltif etmişdir…

Dünyada ilk qədəmlərimizi atarkən doğulduğumuz torpağın adı bizim hələ sadə, təfəkkürümüzdə Vətən mənasındadır. Sonra bu ad məktəb dəftərimizin üstünə yazılır, məktublarımızın üstündə bir ünvan kimi dünyanı dolaşır. Daha sonralar ömür pasportumuza yazılaraq bütün həyat boyunca bizimlə birgə yaşayır. S.Rüstəmxanlı da ədəbiyyatımıza, poeziyamıza öz imzası, adı, soyadı ilə yazıldı. Şanla-sanballa yazılan bu imza poeziyamıza silinməz möhür vurdu və daha neçə-neçə əsərlər yazıldıqca da, vurulacaq… Ürəyinizə hərarət, qələminizə bərəkət, gözəl şairimiz. Yaşayın və yaradın!.. Qoy ilham pəriniz sizi müjdələsin yeni-yeni şeirlərə, pıçıldasın qulağınıza misraları, bəndləri. Tanrı sizi və sizin simanızda vətən övladlarını qorusun.

Biz tarixi yorub gəldik

Keçdik uzun yolları,

Üç qitəni qucaqladı

Türkün açıq qolları.

Hər ocaqda işığımız,

Hər zirvədə qalamız.

Biz allahın balasıyıq,

Tarix bizim balamız.

Aynurə Əliyeva
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 268